Pages

25 Ocak 2015 Pazar

Müsahibə nədir və onun hansı növləri var?


    Müsahibə(interview) sözü latın və fransız dillərindən götürülüb, mənası görüşmək, bir-birini görmək deməkdir. Müsahibə dedikdə sual soruşan və cavab verən tərəflərin iştirak etdiyi xüsusi görüş nəzərdə tutulur. Suallara cavab verən şəxs müsahib, soruşan şəxs isə müsahibəçi adlanır.
    Müsahibənin təkcə işəgötürənin iş üçün müraciət edən şəxsi tanımasından ötrü olduğunu düşünmək yanlış bir fikirdir. Müsahibənin məqsədi hər iki tərəfin bir-birləri haqqında təəssüratlarının yaranmasıdır. Müsahibəçinin sual verməkdə məqsədi işçinin şəxsi keyfiyyətləri, bacarıq və qabiliyyətləri, gözləntiləri, dəyərləri və.s haqqında məlumat əldə eməkdir.
    Müsahibənin aşağıdakı formaları vardır:

1. Şəxsi müsahibələr: Şəxsi müsahibələrə daxildir:
  •   İşçilərin seçilməsi
  •   Vəzifə yüksəlişi
  •   Pensiya və işçilərin istefası
Bu cür müsahibənin məqsədi müzakirə və müşahidələrlə işçinin işi necə icra edəcəyini müəyyən etməkdir.

2. Qiymətləndirmə müsahibələri
   Hər il keçirilən bu müsahibə işçilərin inkişafında olan dəyişikliklərin qiymətləndirilməsi funksiyasını daşıyır. Müsahibə idarə rəisi ilə tabeliyində olan şəxslər arasında olur. Bu zaman əsas olaraq işçilərin zəif və güclü tərəfləri müəyyənləşdirilir.
3. İnandırıcı müsahibələr
    Bu müsahibələr müsahibin məhsul və ya xidmət təklif edərkən inandırmaq bacarığını yoxlamaq üçündür. Satış nümayəndəsi məhsul və ya xidməti satarkən onun alıcıların ehtiyaclarını qarşılayacağına inandırmalı və onları razı salmalıdır.
4.  Strukturlaşdırılmış müsahibələr
    Strukturlaşdırılmış müsahibələr formal prosedura uyğun olaraq aparılır. Bu zaman müsahibəçi əvvəlcədən müəyyənləşdirdiyi sualları soruşur.
5. Strukturlaşmamış müsahibələr
    Bu müsahibə forması əvvəlcədən müəyyənləşdirilmir, yəni aparılması sərbəst qaydada olur. Müsahibəçi və müsahibin maraqlarından asılı olaraq bir mövzudan qısa zamanda digər mövzuya keçilir.
6. Məsləhətçi müsahibələr
    Müsahibə işçilərin yaxşı fəaliyyət göstərməməsi və ya onları narahat edən səbəblərin müəyyənləşdirilməsi üçün aparılır. Şəxsi problemlərin həll edilməsi məqsədini daşıyır.
7. İntizam müsahibəsi
    Bu müsahibə forması təşkilatın qaydalarını və prosedurlarını pozan işçilər üçün keçirilir.
8. Stress müsahibələr
    Bu müsahibə zamanı stressli bir situasiya yaradılır və stress vəziyyətində müsahibin reksiyası müəyyənləşdirilir.
9. Qeyri-rəsmi danışıq müsahibəsi
Bu müsahibədə müsahiblə söhbət zamanı onun təbiəti və prioritetləri müəyyənləşdirilir. Müsahibədə soruşulacaq suallar əvvəlcədən təyin olunmur.
10. Standart və ya açıq müsahibə
    Bu müsahibələrdə hər kəsə eyni suallar verilir. Açıq müsahibənin üstünlüyü daha tez keçirilməsi, müqayisə və təhlil aparılmasının daha asan olmasıdır.
11.  Qapalı və ya sabit cavablı müsahibələr
    Müsahibə zamanı müsahiblərə eyni suallar soruşulur və onlara seçməsi üçün bir neçə cavab təklif olunur.



4 yorum: